16 iyun 2026

Azərbaycanda Avtomobil Sığortası 2026: İcbari və Kasko Arasında Fərq Nədir?

Azərbaycanda Avtomobil Sığortası: İcbari və Kasko Arasındaki Fərqi Bilirsinizmi?

Sürücülərin əksəriyyəti icbari sığortayı sadəcə "qanun tələb edir" deyə alır və bir daha bu mövzuya qayıtmır. Amma 2026-cı ilin aprel ayında Mərkəzi Bank tərəfindən təsdiqlənən yeni dəyişikliklər, eləcə də bonus-malus sisteminin real vaxt rejimində işləməsi göstərir ki, bu sahə durmadan təkmilləşir. Aşağıda icbari sığortanın necə işlədiyini, qiymətə nəyin təsir etdiyini və Kasko sığortasının nə vaxt həqiqətən lazım olduğunu sadə dillə izah edirik.

İcbari sığorta nədir və kimə aiddir?
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası - qısaca İCBARİ - Azərbaycanda mühərrik həcmi 50 sm³-dən yuxarı olan demək olar bütün nəqliyyat vasitələri üçün məcburidir: minik avtomobilləri, yük maşınları, avtobuslar, traktorlar, hətta trolleybus və tramvaylar da bura daxildir. Sığortanın məqsədi sadədir - siz bir qəzaya səbəb olsanız, qarşı tərəfin sağlamlığına və əmlakına dəyən zərəri öz büdcənizdən deyil, sığorta şirkəti ödəyir.
Təminatın ümumi limiti 55 000 AZN təşkil edir: bunun 50 000 AZN-i sağlamlığa dəyən zərər üçün (bir nəfərə maksimum 5 000 AZN), 5 000 AZN-i isə əmlaka dəyən zərər üçün nəzərdə tutulub. Yəni İCBARİ sizi qarşı tərəfə dəyən zərərdən qoruyur - öz avtomobilinizə dəyən zərər bu sığortanın əhatə dairəsinə daxil deyil.

Qiymət necə formalaşır?
İcbari sığortanın qiyməti bütün şirkətlərdə eynidir, çünki tariflər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mərkəzləşdirilmiş şəkildə müəyyən edilir. Baza məbləği 50 AZN-dir, elektromobillər üçün isə bu rəqəm 75 AZN təşkil edir. Bu baza məbləğinə bir neçə əmsal tətbiq olunur:
Yaşayış bölgəsinə görə;
- Bakıda sığorta haqqı 1,1 əmsalı ilə hesablanır.
- Sumqayıt və Abşeronda 1,05
- Naxçıvan və Gəncədə 1
Digər rayonlarda isə 0,95. Avtomobilin yaşına görə - 10 ilə qədər olan avtomobillər üçün əmsal 1, 10-20 il aralığında 1,05, 20 ildən yuxarı olanlar üçün isə 1,1-dir.

Sürücü təcrübəsinə görə də fərq var:
- təcrübəsi 1 ilə qədər olan sürücülər üçün əmsal 1,35-ə çatır
- 2-5 il təcrübəsi olanlarda 1,2-1,3 arası dəyişir
- ən aşağı əmsal isə 10 ildən artıq təcrübəsi olan sürücülərə tətbiq edilir.

Bundan əlavə, 16-25 yaş aralığındakı sürücülər üçün də əlavə əmsal nəzərdə tutulub.
Bütün bunların üstünə bir də bonus-malus sistemi gəlir - sığorta tarixçəniz təmizdirsə (heç bir qəza qeydiyyatı yoxdursa) endirim əldə edirsiniz, qəzaya səbəb olmusunuzsa isə əlavə haqq ödəyirsiniz. Bu sistem artıq real vaxt rejimində işləyir, yəni hər yeni hadisə dərhal sonrakı sığorta haqqınıza təsir edir.

2026-cı ildə nə dəyişdi?
Aprel ayının əvvəlində Mərkəzi Bank icbari sığorta qaydalarına yeni dəyişiklik təsdiqlədi. Bu dəfə diqqət sərnişin daşımalarında istifadə olunan, yəni taksi kimi qeydiyyatdan keçmiş avtomobillərə yönəlib. Aparılan təhlillər göstərib ki, daimi və intensiv hərəkətdə olan taksi avtomobillərində qəza ehtimalı şəxsi məqsədlər üçün istifadə olunan avtomobillərdən nəzərə çarpacaq dərəcədə yüksəkdir. Bunun nəticəsində taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələri üçün fərqli risk əmsalları tətbiq olunmağa başlayıb. Sadə dillə desək - əgər avtomobilinizi taksi kimi istifadə edirsinizsə, sığorta haqqınız adi şəxsi istifadədən fərqli formada hesablanacaq.
 Bu, onu göstərir ki, icbari sığorta sistemi statik deyil - risk artımına uyğun olaraq il ərzində dəfələrlə yenilənə bilər. Ona görə sığortanı uzatmadan əvvəl həmişə cari tarifləri sığorta şirkətindən bir daha dəqiqləşdirmək məsləhətlidir.

Sığortasız sürmək nəyə görə baha başa gəlir?
İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, icbari sığorta müqaviləsi olmadan avtomobil idarə etmək fiziki şəxslər üçün 50 AZN, vəzifəli şəxslər üçün 100 AZN, hüquqi şəxslər üçün isə 300 AZN cərimə ilə nəticələnir. Amma əsl risk cərimədə deyil - sığortasız sürücü bir qəzaya səbəb olarsa, qarşı tərəfin bütün zərərini öz cibindən ödəməli olur. 50 manatlıq cərimədən qaçmaq üçün minlərlə manatlıq məsuliyyət riski götürmək, sadəcə məntiqsizdir.

Kasko: icbari sığortanın "tamamlayıcısı"
İcbari sığorta yalnız qarşı tərəfi qoruyur - öz avtomobilinizə dəyən zərər (qəza, oğurluq, yanğın, vandalizm) bu sığortanın hüdudlarından kənardadır. Məhz bu boşluğu Kasko doldurur. Kasko könüllü sığorta növüdür və əhatə dairəsi seçilən paketdən asılı olaraq dəyişir - bəzi paketlər yalnız qəza zərərini əhatə edir, bəziləri isə oğurluq və təbii hadisələri də əlavə edir.
Kasko müqaviləsində adətən "azadolma məbləği" də olur - sığortalının öz üzərində saxladığı minimum zərər həddi. Məsələn, müqavilədə 500 AZN şərtsiz azadolma varsa və avtomobilə 8 900 AZN zərər dəyibsə, sığorta şirkəti 8 400 AZN ödəyir, qalan 500 AZN sizin üzərinizdə qalır. Bu detalı müqavilə imzalamazdan əvvəl mütləq aydınlaşdırmaq lazımdır, çünki şərtli və şərtsiz azadolma arasındaki fərq ödəniş məbləğini əhəmiyyətli dərəcədə dəyişə bilər.

Hansını seçməlisiniz?
İcbari sığorta seçim deyil - qanun tələbidir və hər bir sürücü üçün mütləqdir. Sual daha çox "Kaskoya əlavə ehtiyacım varmı?" formasında qoyulmalıdır. Əgər avtomobiliniz kreditlə və ya leasinglə alınıbsa, bank çox vaxt Kaskonu şərt kimi qoyur. Yeni və ya bahalı avtomobil sahibləriyçün də Kasko məntiqlidir, çünki ehtiyat hissələrinin və təmirin qiyməti ilbəil artır, adi bir qəza belə ciddi maliyyə yükünə çevrilə bilir. Əksinə, köhnə və bazar dəyəri aşağı olan avtomobil üçün Kasko haqqı çox vaxt avtomobilin real dəyərinə uyğun olmur.

Qısacası: icbari sığorta - məcburi minimum qoruma, Kasko isə - öz cibinizi əlavə risklərdən qorumaq üçün şəxsi seçimdir. Hər iki halda da, müqaviləni imzalamazdan əvvəl əhatə dairəsini, azadolma şərtlərini və istisnaları diqqətlə oxumaq ən vacib addımdır.

Qeyd: Yuxarıdakı tariflər və əmsallar məqalənin yazıldığı tarixə əsasən rəsmi mənbələrdən götürülüb. Sığorta qaydaları zaman-zaman yenilənə bildiyi üçün müqavilə imzalamazdan əvvəl cari şərtləri sığorta şirkətinizdən təsdiqləməyiniz tövsiyə olunur.

Diqqətiniz və oxuduğunuz üçün təşəkkür edirik.
😊

Li Auto L7 2024-2026 Azərbaycanda: EREV Sistemi, Real Yürüş və Gizli Risklər

🚙 Li Auto L7 hansı avtomobildir? Li Auto L7 ilk baxışda böyük, komfortlu və texnologiya ilə zəngin elektrik SUV təsiri bağışlayır. Ancaq onu adi elek...

12 iyun 2026

Ətraflı

Toyota Corolla Cross Hybrid 2025-2026: Bakı üçün sərfəli seçimdir?

Azərbaycanda hibrid avtomobillərə maraq artıq sadəcə trend deyil, real ehtiyacdır. Artan yanacaq xərcləri, şəhər şəraitində praktik istifadə imkanları...

14 may 2026

Ətraflı

Çin avtomobilləri Azərbaycanda: rəsmi diler yoxsa qeyri-rəsmi idxal?

Son illərdə Azərbaycanda Çin avtomobillərinə maraq açıq şəkildə artıb. Bunun əsas səbəbi sadədir: alıcılar daha zəngin komplektasiya, müasir dizayn, b...

05 may 2026

Ətraflı